20.12.2016

MS Word proqramında Mətn hissəsinin seçilməsi

Mətn hissəsinin seçilməsi

Word proqramında mətinlərlə işləmək üçün əvvəlcə mətni seçmək lazımdır, daha sonra isə seçilmiş həmin mətn hissəsi və ya mətn üzərində müxtəlif əməliyyatlar (silmək, rəngini və ya formatını dəyişmək və s.) aparmaq olar. Buna görə də Lent başlıqları və onların əmrləri barədə danışmazdan əvvəl mətn hissələrinin seçilməsi qaydalarına baxmağımız daha məqsədəuyğundur. Mətinin seçilmiş hissəsinə fraqment və ya mətn fraqmenti deyilir. Cari mətini və ya onun müəyyən hissəsini seçmək üçün aşağıdakı kimi bir sıra üsullardan istifadə edilir:

Mətn hissəsinin maus vasitəsi ilə seçilməsi – mausun göstəricisi mətnin hər hansı hissəsinə gətirilir və sol düymə basılı vəziyyətdə sürüşdürülür. Bu qayda ilə tək bir simvol, bir söz və ya mətnin müəyyən hissəsi, hətta bütün mətn seçilə bilər.

Mausla sözün seçilməsi – mausla hər hansı sözün üzərində ikiqat bassaq həmin söz seçilmiş olar.
Mausla sətri seçmək – bunun üçün sətrin sol tərəfində boş yerdə (yazı sərhədindən kənarda) mausun sol düyməsini bir dəfə sıxmaq kifayətdir.
Mausla mətni sətirbəsətir seçmək – mausun sol düyməsi hər hansı sətrin sol tərəfində sıxılır, daha sonra isə bu vəziyyətdə maus yuxarı və ya aşağı hərəkət etdirilir.
Mausla cümləni seçməkCtrl düyməsi basılı vəziyyətdə saxlanılaraq mausun sol düyməsi ilə cümlə üzərində bir dəfə vurulur.
Abzası seçmək – abzasın solundakı boş yerdə mausun sol düyməsi ikiqat sıxılır.
Mətnin müəyyən hissəsini seçmək – seçilməli olan hissənin əvvəlində mausun sol düyməsi bir dəfə sıxılır, beləliklə kursor seçiləcək hissənin əvvəlində yerləşmiş olur. Bundan sonra klaviaturadan Shift düyməsi basılı vəziyyətdə olmaqla mausun sol düyməsi seçiləcək hissənin sonunda sıxılır. Nəticədə kursorun olduğu yerdən mausun son sıxıldığı yerə qədər olan sahə seçilir.
Bütün sənədi seçmək – mətnin sol tərəfindəki boşluqda maus üçqat sıxılır (bunu klaviaturadan Ctrl+A əmri ilə də etmək olar). Əgər Ctrl düyməsini basılı tutaraq mətnin sol kənarında mausun sol düyməsi sıxılarsa yenə də bütün mətn seçilmiş olacaq.

Mətn hissəsini klaviatura qısayolları vasitəsi ilə aşağıdakı kimi seçmək olar:

Shift+ → / Shift+ ←   - kursordan sağa/sola bir simvol seçilir;
Shift+Ctrl+ → / Shift+Ctrl+ ← - kusordan sağa/sola bir söz seçilir;
Shift+↑  - cari sətrin kursordan sol hissəsi, üstdəki sətrin isə kursordan sağ hissəsi seçilir;
Shift+↓ - cari sətrin kursordan sağ hissəsi, altdakı sətrin isə kursordan sol hissəsi seçilir;
Shift+End / Shft+Home – kursordan sətrin sonuna/əvvəlinə qədər seçilir;
Shift+Ctrl+End / Shift+Ctrl+Home – kursordan sənədin axırına/əvvəlinə qədər seçilir;
Shift+Ctrl+↓ - abzaslar üzrə mətn aşağıya doğru seçir;
Shift+Ctrl+↑ - abzaslar üzrə mətni yuxarıya doğru seçir;
Shift+Alt+↓ - seçilmiş abzası bir mövqe aşağıya aparır;
Shift+Alt+↑ - seçilmiş abzası bir mövqe yuxarıya aparır;
Ctrl+A – bütün sənədi seçilir;

F8 düyməsinin müxtəlif sayda sıxılması nəticəsində aşağıdakı kimi seçimlər baş verir:

§  F8 düyməsi 2 dəfə sıxılır – kursorun olduğu söz seçilir;
§  F8 düyməsi 3 dəfə sıxılır – kursorun olduğu cümlə seçilir;
§  F8 düyməsi 4 dəfə sıxılır – kursorun olduğu abzas sıxılır;

§  F8 düyməsi 5 dəfə sıxılır – bütün mətn seçilir.

Ümumiyyətlə mətnin bir birindən ayrı müxtəlif hissələrini seçmək üçün isə Ctrl düyməsindən istifadə edilir, belə ki, mətnin müəyyən hissəsi seçildikdən sonra Ctrl düyməsi sıxılaraq digər hissələr də maus vasitəsi ilə seçilə bilər.      
Mətn fraqmentinin silinməsi də mətnlərlə işləyən zaman icra edilən ən vacib əməliyyatlardan biridir. Kursordan soldakı simvolun silinməsi üçün Backspace düyməsindən, kursordan sağdakı simvolun silinməsi üçün isə Delete düyməsindən istifadə edilir. Mətnin müəyyən hissəsi seçildikdən sonra bu iki düymədən hər hansı birinin sıxılması seçilmiş hissənin silinməsinə səbəb olacaq. Ctrl+ Backspace əmri kursordan soldakı, Ctrl+ Delete əmri isə kursordan sağdakı bir sözü silmək üçün istifadə edilə bilər.
Mətn üzərində simvollar boyunca hərəkət etmək üçün oxlardan (←↑→↓), bir söz qədər sağa və ya sola hərəkət etmək üçün Ctrl+← / Ctrl+→ kombinasiyalarından istifadə edilir. Kursorun sətrin sonuna və ya əvvəlinə yerini dəyişmək üçün uyğun olaraq End / Home düymələri sıxılmalıdır. Ctrl+Home / Ctrl+End əmrləri kursoru mətnin (sənədin) əvvəlinə / sonuna aparır. Page Up / Page Down düymələri isə bir ekran boyu yuxarı / aşağı hərəkəti təmin edir. Son iki düymədən sənədin oxunması zamanı istifadə etmək daha əlverişlidir. Əgər Ctrl+PageUp və ya Ctrl+PageDown düymələr kombinasiyasından istifadə etsək kursor əvvəlki və ya sonrakı səhifənin başına yerini dəyişəcək. Shift+F5 kombinasiyasından isə kursorun olduğu hissəyə keçmək üçün istifadə edilə bilər.
Ctrl+↑/↓ əmri kursoru növbəti (əvvəlki və ya sonrakı) abzasın önünə aparır. Bu kombinasiyalardan istifadə etməklə mətn üzərində abzas-abzas gəzmək olar.

Mövzu ilə bağlı Video Dərsi izləmək üçün BURA klikləyin.

Qeyd: Yuxarıdakı mövzu Prestij-S Tədris Mərkəzi MÜASİR İNFORMATİKA kitabından götürülmüşdür.